Zoologiya İnstitutunda Elmi şuranın iclası keçirilib
Bakı, 20 noyabr, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. “Zoom” platformasında baş tutan iclasda institutun direktoru vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov şura üzvlərini gündəlikdə duran məsələlər barədə məlumatlandırıb. İclasda 2021-ci il üçün növbəti hesabatlar dinlənilib.
İnstitutun Quru onurğasızları laboratoriyasının müdiri Gülzar Mustafayeva əməkdaşların cari ildə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr və çap olunan məqalələri haqqında ümumi məlumat verib. Alim aparılan tədqiqat işləri nəticəsində Azərbaycan faunası üçün ilk dəfə qeyd olunan növlərdən, kolleksiya fondunun vəziyyətindən və elmi əlaqələrdən danışıb.
Quru onurğalıları laboratoriyasının müdiri Qiyas Quliyevin 2021-ci il üçün illik hesabatı dinlənilib.
Zooloji muzeyin direktoru Səbinə Bünyatova “Qırmızı kitab”ın növbəti nəşri üçün məlumat toplamaq məqsədilə olduğu ekspedisiyalar, entomologiya kolleksiyası materiallarının inventarizasiyası və muzeyin ziyarətçilərinin sayı haqqında məlumat verib.
İclasın yekununda verilən bütün suallar məruzəçilər tərəfindən cavablandırılıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.