Zurab Qumberidze: Buxarestdə imzalan saziş yeni enerji-nəqliyyat dəhlizinin təməlini qoydu
Tbilisi, 19 dekabr, AZƏRTAC
Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Buxarestdə imzalanan saziş regionda yeni enerji-nəqliyyat dəhlizinin təməlini qoydu. Bu saziş yeni bir uğurun başlanğıcıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycanda sabiq səfiri, politoloq Zurab Qumberidze söyləyib.
Onun sözlərinə görə, bu saziş, həmçinin Azərbaycanla Gürcüstanın birgə əməkdaşlığının, qardaşlığının və strateji tərəfdaşlığının nəticəsidir. Bu layihə regiona, xüsusən də Azərbaycana və Gürcüstana yeni investisiyalar, yeni dividentlər gətirəcək. Siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafına xidmət edəcək.
Z.Qumberidze deyib: “Biz artıq TRASECA, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin uğurlu nəticələrini gördük. Bu layihələr təkcə Azərbaycan və gürcü xalqlarının deyil, Avropanın, dünya xalqlarının rifahına xidmət edir. İnanıram ki, Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” də bu layihələrin davamı olaraq çox böyük uğurlar gətirəcək. Bu layihə Avropanın enerji təhlükəsizliyində, iqtisadi-ticari əlaqələrin genişlənməsində mühüm rol oynayacaq. Eyni zamanda, bu layihə ölkələrimiz arasında yeni körpü olacaq, regionda davamlı sülhün yaranmasına xidmət edəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi