CƏMİYYƏT
Azərbaycan Mülki Aviasiya Muzeyi “Biz Qələbənin varisləriyik” adlı tədbir təşkil edib
Bakı, 6 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi tərəfindən Suraxanı rayonu 232 saylı məktəbdə 1941-45-ci illər Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə “Biz Qələbənin varisləriyik” adlı tədbir təşkil edilib.
Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin müəllim və şagirdləri, həmçinin sözün həqiqi mənasında xalqımız üçün Böyük Vətən müharibəsi hesab olunan Qarabağ müharibəsinin veteran təyyarəçiləri Edison Həsənov, Bayram Muxtarov iştirak ediblər.
Məktəbin direktoru Məhluqə Əzizova tədbiri açdıqdan sonra muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva “Biz Qələbənin varisləriyik” adlı mühazirə oxuyub. Mühazirədə faşizm üzərində qələbədə xalqımızın misilsiz xidmətləri, rəşadətli döyüş yolu keçmiş cəsur təyyarəçilərimizin qəhrəmanlıqları, bu gün xalqımız üçün əsl Vətən müharibəsi olan Qarabağ müharibəsində iştirak etmiş mülki aviatorlarımızın rəşadətli döyüş yolu, aprel döyüşlərində fədakarlıq və hünər göstərmiş təyyarəçilərimizin qələbə əzmi haqqında ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi veteranları təyyarəçilər Edison Həsənov, Bayram Muxtarov öz döyüş xatirələrini şagirdlərlə bölüşərək onlara vətənpərvərlik ruhunda böyümələrini və vətənlərini sevmələrini tövsiyə ediblər. Sonra məktəbin müəllim və şagirdləri öz ürək sözlərini deyərək qəhrəman təyyarəçilərimizə təşəkkürlərini bildiriblər. Tədbir musiqili kompozisiya ilə davam etdirilib.
Tədbirin sonunda muzeyin əməkdaşı Rübabə Əbiyeva görüşün muzey tərəfindən Böyük Vətən müharibəsində qalib gəlmiş babalarımızın qəhrəmanlığından örnək alaraq Qarabağ müharibəsində rəşadətlə vuruşan təyyarəçilərimizin keçdiyi qəhrəmanlıq yolunun bizi qələbəyə aparacağına əminlik hissini aşılamaq, cəsur təyyarəçilərimizin fədakarlıqlarını onlara örnək göstərmək məqsədilə keçirdiyini vurğulayıb və muzeyin hazırladığı “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı kataloqu məktəbin direktoruna təqdim edib. Sonda “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı fotosərgiyə baxış keçirilib.