105 YAŞLI AZƏRBAYCANLI QADIN AMERİKA VƏTƏNDAŞLIĞINI QƏBUL ETMİŞDİR
“Los-Anceles tayms” qəzetinin yazdığına görə, andiçmə mərasimində doğma Azərbaycan dilində danışan Sona xanım demişdir: “Amerika böyük çətir tək çox insanları öz kölgəsi altına alıb qoruyur. Amerika xalqının nəcib ürəyinə görə mən onun bir hissəsi olmaq istəyirəm”. Mərasimdə Sona Babainin sözlərini oğlu tərcümə edirdi.
On uşaq anası olan Sona Babai İrandan Amerikaya altı il bundan əvvəl köçmüşdür və uşaqları ilə birlikdə yaşayır. Oğlunun dediyinə görə, anası indiyə qədər eşitmə və görmə qabiliyyətini itirməmişdir. Yaddaşı o qədər möhkəmdir ki, Tehrandakı qızına telefonla zəng edəndə hansı əşyanın evin harasında yerləşdiyini dəqiq deyir.
Əsli Qarabağdan olan Sona Babainin bütün ailə üzvləri çox yaşayıblar. Böyük qardaşı 117 il ömür sürübdür. Sona xanımın 84 il birgə ömür sürdüyü əri Muxtar 103 yaşında vəfat etmişdir. Babainin dediyinə görə, uzunömürlülüyün sirri təmiz hava, təbii qida və mehriban ailədədir.
Muxtarla Sona Babai çox yaşasalar da, hər ikisi savadsız olmuşdur. Lakin təhsilin vacibliyini anlayan valideynlər iki oğlunu Amerikaya oxumağa göndərmişdilər. Sonanın Luiziana Dövlət Universitetində mühəndislik və reklam dizaynını öyrənən oğulları daha sonra Kaliforniyaya köçüb fransız mətbəxi restoranı açmışlar. Onlar sonra iki bacılarını da ABŞ-a gətirmişlər.
Pomona şəhərindəki andiçmə mərasimi Amerika mediasının böyük marağına səbəb olmuşdur. Çünki Sona Babai Amerika vətəndaşlığını alan dördüncü ən qocaman insandır. Onun sözlərinə görə, Amerika vətəndaşlığını qəbul etməklə, uşaqlarını ağuşuna almasına, onlara geniş imkanlar verməsinə görə bu ölkəyə təşəkkürünü bildirir. “Yeni vətəndaş kimi nə edəcəksiniz?” sualına cavabında Sona Babai “Artıq amerikalıyam, seçkilərdə səs verəcəm”, - demişdir.