REGİONLAR
“Şahdağ”ın yetirməsinin də çıxış etdiyi komanda Rusiyada qalib olub VİDEO
Qusar, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusarın “Şahdağ” futbol klubunun yetirməsi Rəvan Kazımovun da çıxış etdiyi komanda Rusiyanın Sankt-Peterburq şəhərində “Dostluq üçün futbol” layihəsi çərçivəsində keçirilən turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, 12 yaşlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan yeniyetmələrlə birlikdə eyni komandada çıxış edib.
Rəvan Kazımovun oynadığı “Narıncı” komandası final oyununda “Bənövşəyi” komandasını 4:3 hesabı ilə məğlub edib. Qaliblər Rusiyanın Futbol İttifaqı tərəfindən medal, diplom və xüsusi mükafata layiq görülüblər.
Dostluq və bərabərlik şüarı altında keçirilən turnirdə 64 ölkədən olan 12 yaşlı oğlan və qızlar səkkiz dostluq yığmasında birləşiblər.
Uşaq futbolunu inkişaf etdirmək, balacalarda digər xalqlara və mədəniyyətlərə ehtiram və tolerant münasibət aşılamaq məqsədilə keçirilən “Dostluq üçün futbol” layihəsi 2013-cü ildən təşkil olunur.