İDMAN
Maurisio Süleyman: Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Ümumdünya Boks Şurasının (WBC) Bakıda təşkil olunan 55-ci Konvensiyası məhsuldar şəraitdə keçdi. Burada yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri WBC-nin Bakıda keçirilən 55-ci Konvensiyasının yekunları ilə əlaqədar oktyabrın 5-də təşkil olunan mətbuat konfransında qurumun prezidenti Maurisio Süleyman deyib.
M.Süleyman bildirib: “Bir neçə ay əvvəl 55-ci Konvensiyanın Bakıda təşkil olunması ilə bağlı Azərbaycana müraciət etmişdik. Bu məsələdə dünya çempionu Vitali Kliçkonun böyük rolu var. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Səfərimiz zamanı Prezident İlham Əliyev bizi qəbul etdi və çox maraqlı görüşümüz oldu. Azərbaycan Prezidenti ölkədə Peşəkar Boks Federasiyasının yaradılması barədə göstəriş verib. Çox sevindirici haldır ki, Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir. Ən azı üç il sonra Azərbaycan boksçularından çempionluq gözləyirik”.
Dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasının və fəal dəstəyinin idmançılara böyük stimul verdiyini vurğulayan M.Süleyman diqqətə çatdırıb: “Prezident İlham Əliyevin dəyərli fikirlərini öyrənmək bizim üçün çox xoş oldu. Hər birimiz Azərbaycanı bu ölkənin səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölkələrdə Azərbaycanı tanıdacaq və təbliğ edəcəyik”.
Qurumun prezidenti vurğulayıb ki, Konvensiyada bir çox məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. O, hakim və məşqçilər üçün təlimlərin, qadınlar arasında boksun inkişafının və mütləq baş tutmalı olan görüşlərin təşkilinin, həmçinin təhlükəsizliyin WBC üçün prioritet olduğunu deyib.
2018-ci ildə Bakıda çempionluq döyüşünün keçiriləcəyini diqqətə çatdıran M.Süleyman Azərbaycanda istedadlı boksçuların kifayət qədər olduğunu vurğulayıb.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
WBC-nin Bakıda keçirilən 55-ci Konvensiyasına 164 üzv ölkənin nümayəndələri, o cümlədən dünya şöhrətli boksçular Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin və başqaları qatılıblar.