İDMAN
10 YAŞLI ELTAC SƏFƏRLİ ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONUDUR
Azərbaycan Milli Olimpiya Komitəsinin köməkliyilə Yunanıstanda 10-18 yaşlı şahmatçıların dünya çempionatında iştirak edən şahmatçılarımız 2002-ci ili parlaq nəticə ilə başa vurmuşlar.
Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 10 yaşlı Eltac Səfərli ölkəmizin şahmat tarixində hələlik ən yaddaqalan nəticə göstərmişdir. Cəmi 45 gün əvvəl Eltac İspaniyada başa çatmış Avropa birinciliyində öz yaş qrupunda qitə çempionu adına layiq görülmüşdü.
Yunanıstanda isə 60-a yaxın ölkənin 107 şahmatçısı arasında Eltac 11 görüşdən 8-də qalib gəlmiş, 3 oyunu isə heç-heçə başa vuraraq, 10 yaşlılar arasında dünya çempionu adını qazanmışdır. Maraqlıdır ki, Eltac Avropa və dünya çempionatlarında keçirdiyi görüşlərin heç birində məğlub olmamışdır. Bu nəticələr göstərir ki, ölkəmizdə daha bir fitri istedada malik olan sahmatçı yetişir.
Sumqayıtlı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Sloveniyada başa çatan Olimpiadada iştirakından sonra birbaşa dünya çempionatına yola düşmüşdü. Bununla belə o, çox güclü rəqiblərə qarşı gözəl oyun nümayiş etdirmiş, nəticədə 18 yaşlı idmançılar arasında 11 oyundan 9 xal toplayaraq, Macar şahmatçısı Berkeslə 1-2-ci yerləri bölüşdürmüşdür. O, yalnız əmsallar cədvəlinə görə rəqibindən geri qalaraq, gümüş medalın sahibi olmuşdur. Xatırladaq ki, Şəhriyar bundan əvvəl 20 yaşlılar arasında Avropa çempionatında bürünc, 18 yaşlılar arasında qitə birinciliyində qızıl medallar qazanmışdır.
Ümumiyyətlə, 2002-ci ili gənc şahmatçılarımız yüksək nailiyyətlərlə başa vururlar. Onlar dünya və Avropa çempionatlarından 4 qızıl, 2 gümüş və 1 bürünc medal, habelə Şahmat Olimpiadasından 1 gümüş medal gətirmişlər.