Mingəçevirli əlil qarmon ifaçısının məharəti görənləri təəccübləndirir VİDEO
Mingəçevir, 14 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevirdə Aydın Mustafayevi tanımayan yoxdur. O, bir qolunun olmamasına baxmayaraq, hər gün şəhərin parklarında qarmonu ilə musiqilər səsləndirir, yığdığı pulla ailəsinin ehtiyaclarını ödəyir.
AZƏRTAC xəbər verir ki, onun tək əllə qarmonda ifa etdiyi şən və lirik musiqilər hamının marağına səbəb olur. Elə bu bacarığına görə də yerli sakinlər ona “Arif” təxəllüsü veriblər.
Yetmiş yaşlı I qrup əlil Aydın Mustafayevin musiqi təhsili yoxdur. O, 7-8 yaşında olarkən heç kimdən dərs almadan qarmonda çalmağı öyrənib. “Altı yaşımda yıxılaraq sağ qolumu möhkəm zədələmişdim. Həkimlər qolumu müalicə etmək üçün çox çalışsalar da, bir şey çıxmadı. Qolum kəsiləsi oldu. Bir müddət həyatdan küssəm də, sonradan tək əllə qarmonda mahnılar ifa etməyi öyrəndim. Uzun illərdir ki, qarmon çalıb, qazandığım pulla özümü və ailəmi dolandırıram”, - deyə o bildirib.
Sol əli ilə illərdir qarmonu dilləndirən Aydın Mustafayev musiqiləri əsasən radioda dinləyərək öyrənir.
Qeyd edək ki, Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə bir müddət əvvəl Aydın Mustafayevin arzusunu reallaşdıraraq, ona qarmon hədiyyə edib.