SİYASƏT


AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçilib

Beynəlxalq İslam Xəbərlər Agentliyi Baş Assambleyasının V iclasında təşkilatın İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi (UNA) adlandırılması haqqında qərar qəbul edilib

Ciddə, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) Baş Assambleyasının V iclası keçirilib.

İclasda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Avvad bin Saleh əl-Avvad, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi, təşkilata üzv dövlətlərin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndə heyətləri, o cümlədən AZƏRTAC-ın əməkdaşı iştirak edib.

Tədbirdə İİNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, İƏT-in 2025-ci ilədək nəzərdə tutduğu iş proqramı çərçivəsində fəaliyyət planı təsdiqlənib. Sonra təşkilati məsələlərə baxılıb. Səudiyyə Ərəbistanının SPA agentliyinin nümayəndəsi İcraiyyə Şurasının sədr müavini seçilib, həmçinin Şuranın tərkibi yenilənib. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Şuraya üzv qəbul olunub.

Xatırladaq ki, təşkilat İcraiyyə Şurası və Baş Assambleya olmaqla, iki rəhbər orqandan ibarətdir. On iki üzvü olan İcraiyyə Şurası qurumun informasiya fəaliyyətinə nəzarət edir və illik iclasında inzibati, maliyyə və texniki məsələlərə baxılır. İƏT-ə üzv dövlətlərin xəbər agentliklərinin direktorları və nümayəndələrinin iştirakı ilə iki ildən bir keçirilən Baş Assambleya isə İcraiyyə Şurasında qəbul olunan qərarları təsdiqləyir.

İclasda təşkilatın İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi adlandırılması haqqında qərar qəbul edilib, qurumun yenilənmiş nizamnaməsi təsdiqlənib.

İştirakçılar İslam dünyasının problemlərinin işıqlandırılmasında, eləcə də terrorun təbliğinə və islamofobiyaya qarşı mübarizədə İƏT-ə üzv dövlətlərin milli xəbər agentliklərinin rolu, milli xəbər agentlikləri arasında əməkdaşlığa dəstək, “İslam Əməkdaşlıq Təşkilatının mükafatı” müsabiqəsində iştirak məsələləri ətrafında müzakirələr aparıblar.

Baş Assambleyanın 6-cı iclasının Cibutidə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İİNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin 2006-cı ildə Ciddədə keçirilmiş 7-ci iclasında agentliyin fəaliyyətini gücləndirmək üçün struktur islahatları aparılması qərara alınıb.

Əsas məqsədi İslam dövlətləri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.

Şıxəli Əliyev

AZƏRTAC-ın müxbiri

Ciddə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.