Yeniyetmələr arasında tennis üzrə ölkə birinciliyinin finalçıları müəyyənləşib VİDEO




Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qızlar arasında zona birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarışda 2005-ci il və daha kiçik təvəllüdlü idmançılar komanda yarışlarında mübarizə aparıblar.
Üç gün davam edən birinciliyə 12 komanda tərkibində, ümumilikdə, 120 idmançı qatılıb.
Gərgin mübarizədən sonra “Təhsil” (Bakı), “UGİM” (Sumqayıt), “13 saylı UGİM” (Bakı), Şabranın hər iki komandaları (qızlar və oğlanlar), eləcə də Qubanın qızlardan və Şirvanın oğlanlardan ibarət kollektivləri final mərhələsinə vəsiqə qazanıb.
Yeniyetmələrin XI Respublika oyunlarına daxil olan tennis üzrə yarışın final mərhələsi noyabr ayında Qax Olimpiya İdman Kompleksində təşkil olunacaq.