İDMAN
Azərbaycan çempionu "Qarabağ"ın heyəti UEFA Çempionlar Liqasındakı növbəti oyun üçün İspaniyaya gəlib VİDEO
Madrid, 30 oktyabr, AZƏRTAC
Azərbaycan çempionu "Qarabağ" Futbol Klubunun heyəti UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gəlib.
AZƏRTAC xəbər verir ki, Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.
Xatırladaq ki, "Atletiko Madrid" - "Qarabağ" qarşılaşması oktyabrın 31-də, Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək. İspaniyanın bütün bölgələrindən Madridə axışan azərbaycanlılar komandamıza dəstək olacaqlar.
Ağdamın Qarabağ klubunun səfərdə keçirildiyi hər oyun idman yarışı olmaqdan əlavə həm də Dağlıq Qarabağ həqiqətlərini təbliğ etmək üçün bir fürsətdir. Bu məqsədlə ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən Qarabağ futbolçularının qaldığı oteldə məlumatlandırma guşəsi təşkil edilib. Burada “Qarabağ” futbol klubunun forması, gerbi və digər simvolları ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Qarabağ həqiqətlərinə dair təbliğat materialları da nümayiş etdirilir. Azərbaycan səfirliyi tərəfindən hazırlanmış broşürlərdə erməni işğalı və onun fəsadları statistik göstəricilərlə öz əksini tapıb. Təbliğat aksiyası oteldəki turistlərin də böyük marağına səbəb oldu. İspaniyadakı səfirliyimizin təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin təbliğatı qarşıdakı günlərdə də davam edəcək. Madrid sakinlərinə erməni vəhşiliyi, “Qarabağ” klubunun ev oyunlarını niyə doğma Ağdam şəhərində keçirə bilməməsinin səbəbləri haqqında ətraflı məlumat veriləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid