İDMAN
Gələn il keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinin bilet satışına start verilib VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Gələn il keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün bilet satışına noyabrın 6-da start verilib.
AZƏRTAC xəbər verir ki, satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib: “Hər il əvvəlki illə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında, həmçinin əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə təşkil olunacaq möhtəşəm konsertlərdə böyük coşqu ilə iştirak etməsi bizi çox sevindirir. Biz növbəti il yarışa daha çox yerli tamaşaçı cəlb etmək üçün müxtəlif endirimlər təklif edəcəyik. Bununla bağlı ilk satış kampaniyamız noyabrın 6-da başlayacaq. İnanırıq ki, növbəti yarışda rekord göstəricidə tamaşaçının iştirakına nail olacağıq”.
2018-ci il Formula-1 Azərbaycan Qran-Prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarışı izləməyə imkan verən və 30 min yerlik tutumu olan tribuna və ayaqüstü zonalar təklif edilir.