REGİONLAR
111 və 112 saylı seçki dairələrində 1322 gənc ilk dəfə səs verəcək
Zaqatala, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində Zaqatala rayonunda fəaliyyət göstərən 111 və 112 saylı seçki dairələrində məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 18-də 111 saylı Zaqatala-Balakən seçki dairəsində aşağı seçki komissiyaları üzvləri üçün keçirilən treninqlərə 50 seçki məntəqəsi üzrə 300 nəfər cəlb olunub. Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılovun verdiyi məlumata görə, treninqlərin ilk iki günündə məşğələlərdə 24 seçki məntəqəsi üzrə 144 nəfər iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Mübariz Laçınov və Səyavuş Hüseynov aparırlar.
Seçki komissiyasının sədri bildirib ki, dairənin tərkibinə daxil olan 50 seçki məntəqəsinin 38-i Zaqatalada, 12-si isə Balakən rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 51 min 107 seçici qeydə alınıb. Onlardan 940 nəfəri 80-100 yaş arasındadır. 721 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək. İndiyədək 50 müşahidəçi qeydiyyatdan keçib.
112 saylı Zaqatala seçki dairəsində də məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Fikrət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanvarın 17-dən başlayan treninqlərə dairənin tərkibində olan 43 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 258 nəfər cəlb olunub. Treninqlərin ilk iki günündə keçirilən məşğələlərdə 25 seçki məntəqəsi üzrə 150 komissiya üzvü iştirak edib.
Dairə seçki komissiyasının katibi Harun Əskərov və komissiya üzvü Məmmədrəsul Ağayevin tədris etdiyi məşğələlər zamanı iştirakçılara məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib, komissiya üzvlərinin sualları cavablandırılıb. Treninqlər yanvarın 22-də başa çatacaq.
Seçki komissiyası sədrinin məlumatına görə, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 50 min 162 seçici qeydə alınıb. Onlardan 601 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 794 nəfəri 80-100 yaş arasındadır. Səsvermənin gedişini izləmək üçün veb-kameralar da quraşdırılıb. İndiyədək 88 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.