ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində açılan karyera sərgisi yüzlərlə gəncə yeni iş imkanları vəd edir VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Bakı Ali Neft Məktəbində (BANM) birinci karyera sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-in birgə təşkilatçılığı ilə keçirilən sərgidə bu ali məktəbin rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak ediblər.
Tədbirdə E.Qasımov sərginin neçə-neçə potensiallı gəncin həyatında dönüş nöqtəsi olacağını vurğulayıb. Qeyd edilib ki, bu gün gənclərin işsizlik problemlərinin aradan qaldırılması üçün ölkədə böyük addımlar atılır. BANM bu istiqamətlə dövlətimizə və gənclərimizə hər zaman dəstək göstərməyə hazırdır.
Sərgi ilə bağlı fikirlərini bölüşən İ.Kərimov “ASAN” Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin gənclərin təcrübə keçmələri və işlə təmin olunmaları istiqamətində gördüyü işlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu günədək “ASAN” könüllülərinin vakansiya bürosu olan www.asankadr.az vasitəsilə 900-dən çox könüllü müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin edilib.
“ASAN” Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova layihənin əsas məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, sərgi yüzlərlə gənc üçün yeni iş imkanları, təcrübə proqramları vəd edir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
BANM və “ASAN” Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin ilk birgə layihəsi sayılan bu sərgidə 50-dən çox nüfuzlu yerli və transmilli şirkət təmsil olunur. Tədbirdə iştirak edən gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkətlərin təmsilçiləri isə potensial kadrlar seçmək imkanı əldə ediblər.