Xaçmazda “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri seçilib VİDEO
Xaçmaz, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinə 50-dən çox şagird qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqə iki gün davam edib.
IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarət olub.
Qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi və digər meyarlara əsasən aparılıb.
Xaçmazdakı ümumtəhsil məktəbləri üzrə 15 təqdimat müsabiqənin növbəti mərhələsinə seçilib. Onlardan biri müsabiqənin respublika mərhələsinə vəsiqə qazanacaq.
Rayon üzrə seçilən qaliblər xüsusi mükafat və diplomlarla təltif olunacaq.