CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib VİDEO
Kiyev, 21 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, Ukraynadakı diplomatik korpusların, media holdinqlərin rəhbərləri, tanınmış iş adamları, KİV nümayəndələri iştirak ediblər.
1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev vurğulayıb ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi tarixi uğurlardandır.
Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini qeyd edən səfir diqqətə çatdırıb ki, Ulu Öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib.
Ukraynanın Baş nazirinin birinci müavini S.Kubiv Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın artdığını deyən S.Kubiv qeyd edib ki, Azərbaycan iş adamlarının Ukraynada əlverişli fəaliyyəti üçün hər cür şərait yaradılıb. 2017-ci ildə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artıb. İki ölkə arasındakı əlaqələr regionda sülh və sabitlik üçün mühüm amilə çevrilib.
Sonra tədbir Azərbaycanın və Ukraynanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” rəqs qrupunun rəngarəng çıxışları, əkiz bacılar Anna və Mariyanın “Sarı gəlin” mahnısını ifa etmələri, Əməkdar Artist Tünzalə Ağayevanın və digər ifaçıların çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı rəsmi qəbul atəşfəşanlıqla başa çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev