Yüksək bal toplayan 10 xaçmazlı tələbəyə fərdi təqaüd kartları verilib VİDEO
Xaçmaz, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar.
Deputatın təşəbbüsü ilə həyata keçirilən bu ənənəvi aksiya 8 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 81 nəfərə fərdi təqaüd kartı verilib.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və yüksək bal toplayan tələbələrin valideynlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 414 nəfər qəbul olub. Onlardan 12-si 600-dən yuxarı bal toplayıb.
Milli Məclisin deputatı İlham Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.