REGİONLAR
Qusarın Yuxarı Tahircal kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO
Yaxın günlərdə daha 3 kənddə modul tipli məktəb binaları açılacaq
Qusar, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 17-də Qusar rayonunun Yuxarı Tahircal kəndində 40 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən 60 kilometr məsafədə dağlıq ərazidə yerləşən kənddə tikilən ümumi orta məktəbin binasında 4 sinif otağı, akt zalı, kitabxana və digər təyinatlı otaqlar var. Bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.
Məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, Qusar rayonunda son on ildə 51 məktəb binası tikilərək istifadəyə verilib. Yaxın günlərdə rayonun daha 3 kəndində modul tipli məktəb binalarının açılışı olacaq.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Açılış mərasimindən sonra məktəb zənginin sədaları altında şagirdlər yeni sinif otaqlarına daxil olublar.