REGİONLAR
Dövlət İmtahan Mərkəzi Qubada yeni qəbul qaydaları ilə əlaqədar seminarlar təşkil edib VİDEO
Quba, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 5-də Qubada Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən elmi-metodiki seminarlarda yeni qəbul qaydaları müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.
Seminarlarda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonunun təhsil şöbəsinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
Seminar iştirakçılarını maraqlandıran suallar DİM Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən cavablandırılıb.
Daha sonra müzakirələr riyaziyyat və ingilis dili fənləri üzrə davam etdirilib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva və sektor müdiri Aydın Qasımov fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edərək, ətraflı məlumat veriblər.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva 9 illik və 11 illik təhsil bazaları üzrə buraxılış imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartlar və istifadəsi nəzərdə tutulan tapşırıq modelləri haqqında təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.