MƏDƏNİYYƏT
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) ölkəmizin Belarusun paytaxtı Minskdə keçiriləcək “Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində iştirakına dair təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, televiziyanın musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva və ölkəmizi müsabiqədə təmsil edəcək Fidan Hüseynova, mahnının müəllifləri - bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupina, əlaqələndiricisi Maksim Tsurkov iştirak ediblər.
Leyla Quliyeva bildirib ki, bu gündən etibarən müsabiqədə xüsusi mərhələ başlayır. “Beynəlxalq tədbirdə Fidan Hüseynovanın ifasında təqdim ediləcək “Sənin kimi olmaq” (I wanna be like you) klipi artıq oktyabrın 16-dan müsabiqənin “YouTube” kanalına yerləşdirilib. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir”.
Diqqətə çatdırıb ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı “Oksford” məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.
Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib k, o, 2017-ci ilin mart ayında İtaliyanın “Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin “Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb. Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qırmızı kitab”ına salınıb və Prezident təqaüdünə layiq görülüb.
İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov qeyd edib ki, mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımladığından danışır.
Sonra “Sənin kimi olmaq” (I wanna be like you) mahnısı və mahnının promoçarxı təqdim olunub.
Tədbirdə jurnalistlərin sualları cavablandırılıb.