ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İsveçrədə beynəlxalq tədbirdə iştirak edib

Bakı, 13 noyabr, AZƏRTAC 

Əqli Mülkiyyət Agentliyinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin baş məsləhətçisi Ruhiyyə Əliyeva İsveçrənin paytaxtı Cenevrədə Dünya Ticarət Təşkilatı (DTT) tərəfindən keçirilən “Rəqəmsal erada əqli mülkiyyət və bilik axını” mövzusunda seminarda iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, 30 ölkənin nümayəndələrinin qatıldığı tədbirin məqsədi bilik üzrə ticarətdə mövcud hüquqi və siyasi mənzərəni sistemli şəkildə nəzərdən keçirilməsi, transsərhəd bilik axınlarının izlənilməsi və bunun nəticələrinin öyrənilməsi sahəsində təcrübə mübadiləsi olub.

İkigünlük seminarda DTT-nin müxtəlif bölmələrinin, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin əməkdaşları, o cümlədən müxtəlif universitetlərin nümayəndələri “Əqli mülkiyyət üzrə ticarətin post-TRIPS dəyişikliyi”, “Rəqəmsallaşdırma ticarətə necə təsir edir”, “Beynəlxalq ticarətdə bilik axınlarının ölçülməsi üçün əqli mülkiyyət məlumatlarından istifadə”, “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bilik axınının mənbələri”, “Müasir bilik iqtisadiyyatında rəqəmsal kreativ ticarət və müəlliflik hüququna əsaslanan sənayelər: inkişaf etməkdə olan ölkələr üçün strateji seçim” və digər mövzularda təqdimatlarla çıxış ediblər.

Seminar çərçivəsində müzakirələr zamanı Ruhiyyə Əliyeva ölkəmizdə əqli mülkiyyət sahəsində son institusional islahatlar, o cümlədən rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması, ictimai maarifləndirmə və s. istiqamətlərdə reallaşdırılan tədbirlər haqqında iştirakçılara məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.