REGİONLAR
Qubada qış mövsümündə turistlərə 10-dan çox istirahət mərkəzi xidmət göstərəcək VİDEO

Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Ölkənin əsas qış turizm mərkəzlərindən sayılan Qubada yeni mövsümə hazırlıq işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarşıdakı qış mövsümündə Quba rayonunda turistlər 10-dan çox istirahət mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər.
Rayondakı turizm obyektləri və müvafiq qurumlar noyabrın əvvəlindən qarşıdakı qış mövsümünün hazırlıqlarına başlayıblar. Hazırda istirahət obyektlərində qonaqların sayı çox olmasa da, ilk qarın yağması ilə kütləvi turist axınının olacağı gözlənilir.
Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev bildirib ki, hazırda rayona gələn qonaqlara 6 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qubaya gələn turistlər buradan Qusarın Ləzə və Həzrə kəndləri istiqamətində də səyahət edə bilərlər. Qış aylarında bu marşrutların bir neçəsi üzrə səyahətlər yollarda yarana biləcək təhlükə ilə əlaqədar təxirə salınacaq.
Rayonda, ümumilikdə, 40-a yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Amma bunların bir qismi qış fəslində də fəaliyyətini davam etdirir. Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşları artıq obyektlərin nümayəndələri ilə görüşərək, turistlərin qəbulu ilə bağlı müvafiq qayda və normativləri onların diqqətinə çatdırıblar.
Əcnəbi qonaqların bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər. Xınalıq, Amsar, Alpan, Birinci Nügədi kəndlərində turistlərin faydalana biləcəyi evlər qeydiyyata alınıb. Həmin evlər ödəniş əsasında turistlərə təqdim olunur. Belə evlərdə gecələmək qonaqlara 15-20 manata başa gəlir. Ev sahibləri turistlərə təsərrüfatlarında becərdikləri məhsullar və hazırladıqları ərzaqları təklif edirlər.
Mehmanxanalarda dincəlmək istəyənlər isə bir gün üçün 40-80 manat ödəməlidirlər. Bura gün ərzində qidalanma və başqa xidmətlər daxildir.
Quba rayonunda hər il on minlərlə yerli və əcnəbi turistlər istirahət edir. Bu göstəricini daha da artırmaq üçün Quba Destinasiya Menecmenti Təşkilatının təşəbbüsü ilə qış mövsümü öncəsi Azərbaycanda fəaliyyət göstərən aparıcı turizm şirkətinin nümayəndələrinin Quba və Qusar rayonlarına tanışlıq turu təşkil olunub. Bu səfər rayonların turizm potensialının, turizm məhsullarının təqdim olunması məqsədi daşıyıb. Bundan başqa, Quba və Qusar rayonlarında yaşayan və turizm sahəsində fəaliyyət göstərən bələdçilər təlimlərə cəlb edilib.