SİYASƏT
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Dünya dini liderlərinin II Sammiti çox yüksək səviyyədə təşkil olunub. Bu Sammitin keçirilməsi onu göstərir ki, Azərbaycan dünyada sülh, əməkdaşlıq və anlaşma, o cümlədən dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayan dövlətdir. Bununla yanaşı, burada müxtəlif dinlərin nümayəndələri arasında tolerant yanaşma mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda Dünya dini liderlərinin II Sammitinin iştirakçısı, Avstriyanın Xarici İşlər Nazirliyinin şöbə müdiri Martin Pammer jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, dünyada sülh, anlaşma və tərəqqiyə nail olmaq baxımından dinlər əhəmiyyətli rol oynayır. Ona görə də bu dəyərlər, təməl insan haqlarının təmin olunması, o cümlədən münaqişələrin qarşısını almaq naminə bütün dünya dövlətləri birləşməli və bu istiqamətdə konstruktiv addımlar atmalıdırlar. Bütün bu məqsədlərə çatmaq üçün dinlər və mədəniyyətlərarası dialoq çox mühüm bir vasitədir.
Azərbaycanda ilk dəfə olduğunu bildirən avstriyalı qonaq Bakının qədim və tarixi memarlıq abidələrinin onda dərin təəssürat oyatdığını qeyd edib.