CƏMİYYƏT
Qazaxıstanın media nümayəndələri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirlər VİDEO
Nur-Sultan, 22 noyabr, AZƏRTAC
Qazaxıstan ilə digər türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığı genişləndirmək, həmçinin jurnalistikanın inkişafına dəstək məqsədilə təqaüd proqramları həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın tanınmış jurnalisti, “Sarıarka Aqparat” Agentliyinin direktoru Oljas Berkinbayev deyib. O türkdilli dövlətlər arasında məlumat mübadiləsini genişləndirmək və jurnalistikanın inkişafına təkan vermək üçün təhsil sahəsində təqaüd proqramlarının həyata keçirməsinin vacibliyini bildirib.
Hazırda türkdilli ölkələrdən olan jurnalistlərin müxtəlif platformalarda bir araya gəldiyini və son görüşün də Bakıda keçirildiyini bildirən O.Berkinbayev bu sahədə daha əsaslı layihələrin həyata keçirilməsini zəruri hesab edib. Vurğulayıb ki, bu sahədə ABŞ təcrübəsindən yararlanmaq lazımdır. Çünki bu ölkə hər il jurnalistika sahəsində onlarla təqaüd proqramı təklif edir. Türkdilli dövlətlər arasında jurnalistika sahəsində belə təqaüd proqramlarının yaradılması təhsil və təcrübəni artırmağa, bir-birimizin həqiqətlərini daha yaxşı anlamağa kömək edəcək.
Qeyd edək ki, Qazaxıstan ilə Azərbaycan arasında media sahəsində əlaqələrin bir əsrdən çox tarixi var. Ötən əsrin əvvəllərində maddi çətinliklər səbəbindən çapının dayandırılması təhlükəsi ilə üzləşən “Qazaxıstan” qəzetinin yaradıcı heyəti kömək almaq ümidi ilə Bakıya səfər edib və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə görüşüb. Hər zaman elmə, təhsilə, xalqın maariflənməsinə önəm verən mesenat qəzetin birillik çap xərclərini öz üzərinə götürüb. Bu gün Qazaxıstanda onu məmnunluqla xatırlayırlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan