Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulublar VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində axtarış aparılan zaman 13 qram heroin, 5 qram metamfetamin aşkar olunaraq götürülüb.
İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna “Google map” proqramı vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib.
Keçirilən əməliyyat nəticəsində İmamverdi də yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib. İ.Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram olan heroin, 130,503 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.