15 MAY - BEYNƏLXALQ AİLƏ GÜNÜ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müvəkkil Elmira Süleymanova respublikamızın hüquqi dövlət quruculuğu yolunu seçdiyini, dövlətimizin əhalinin sosial müdafiəsi, ailənin möhkəmlənməsi, uşaqların tərbiyəsi və ailə planlaşdırılması istiqamətində apardığı siyasət nəticəsində ailənin inkişafı, onun cəmiyyətdə rolu və imkanlarını qeyd etmişdir.
Milli Məclisin deputatı Məlahət Həsənova tədbirin aktual mövzuya həsr olunduğunu vurğulamış, “Azərbaycanda ailənin hüquqi vəziyyəti” mövzusunda məruzə etmişdir. O, uşaqlar barəsində dövlət siyasətinin hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb, tərbiyə olunmasına, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına yönəldildiyini qeyd etmişdir.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva “Azərbaycan qadını və ailə” mövzusunda məruzəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən belə bir Komitənin yaradılmasının Azərbaycan qadınlarına və ailənin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, uşaqların ailədə tərbiyəsinə diqqətin bariz nümunəsi olduğunu söyləmişdir.
Prezident Administrasiyasının sektor müdiri Ərəstun Mehdiyev, Milli Məclisin deputatları Asya Manafova, Şahlar Əsgərov, Əli Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev və başqaları dəyirmi masada çıxış edərək mövzu ilə bağlı vacib problemlərdən söz açmış, təkliflər irəli sürmüşlər.
Ombudsman Elmira Süleymanova dəyirmi masada qaldırılan problemlərin cəmiyyətə çatdırılmasının və birlikdə həll edilməsi üçün xüsusi şəbəkənin yaradılmasının, ailə ilə bağlı maarifləndirmə işinin genişləndirilməsinin, yoxsulluğun aradan qaldırılması üzrə Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə regionlarda əhali arasında treninq-seminarların keçirilməsinin zəruriliyini qeyd etmişdir.