SİYASƏT
Professor Zakir Avşar: Tarixi Qələbə Azərbaycan Ordusunun cəbhədə qazandığı möhtəşəm uğurdur VİDEO
Ankara, 3 dekabr, AZƏRTAC
Azərbaycan çox böyük sevinc yaşayır. Təbii ki, hamı kimi, mən də çox sevincliyəm. Ağdam rayonunun 27 ildən sonra Azərbaycana qaytarılması tarixi bir hadisədir. Bu, şəhid və qazilərimizin canı, qanı bahasına qazanılmış uğurdur. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək, hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşar ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları və işğal altındakı ərazilərimizin düşməndən azad edilməsi prosesini Çanaqqala zəfəri və Qafqaz İslam Ordusunun tarixi missiyası ilə müqayisə edən professoru Zakir Avşar deyib: “Azərbaycan Ordusu həqiqətən də qüdrətli ordudur. Ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün üzərinə düşən missiyanı yerinə yetirməyə qadirdir”.
Türkiyənin bu prosesdə ilk gündən Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, bütün formalarda yardım etməyə hazır olduğunu diqqətə çatdıran professor Zakir Avşar bildirib ki, bu Qələbə Azərbaycan Ordusunun, Azərbaycanın əsgərinin cəbhədə qazandığı möhtəşəm zəfərdir”.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin real vəziyyətini yüksək dəyərləndirən alim əminliklə deyib ki, tarixdə çətin və sevincli günlərdə bir-birinin yanında olan dövlətlərimiz və xalqlarımız bunu əbədiyyətə qədər davam etdirəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara