Sumqayıt şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Sumqayıt şəhərində Operativ Qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub. Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka müddətinə inzibati qaydada həbs edilib.