Pizza sifarişlərini ünvanlara çatdıran şirkətlərdən birinin əməkdaşına qarşı quldurluq edilib VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakini, pizza sifarişlərinin ünvanlara çatdırılması ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq müştərilərdən birinin onu bıçaqla hədələyib və cibindən 500 manatı götürərək quldurluq etdiyini bildirib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Əliyevi saxlayıblar. Onun barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.