MƏDƏNİYYƏT
Misirin dövlət telekanalı Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlayıb VİDEO
Qahirə, 28 aprel, AZƏRTAC
Misirin “Nile” dövlət televiziya kanalında Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin qonaqları - “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədr müavini Sədaqət Əli Əşrəf və Diasporla İş üzrə Dövlət Komitəsinin Misirdəki əlaqələndiricisi Səbinə Aydın Hidayət Azərbaycanda müqəddəs Ramazan ayında əsrlər boyu davam edən adət-ənənələrdən, milli mətbəximizin nümunələrindən, xüsusən ölkəmizin dilbər guşəsi olan Qarabağdan bəhs ediblər. Onların studiyaya gətirdikləri şirniyyatlar və Azərbaycan çayı tamaşaçılarda böyük maraq doğurub.
Verilişdə, həmçinin Azərbaycanın paytaxtı Bakının füsunkar mənzərələri, ölkəmizin digər regionları haqqında süjetlər də təqdim edilib. Diaspor nümayəndələrimiz misirliləri Azərbaycana səfər etməyə, bu gözəllikləri əyani şəkildə görməyə dəvət ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə