17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür
Bakı, 17 iyun (AZƏRTAC). 17 iyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il BMT tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Səhralaşma qlobal ekoloji və sosial-iqtisadi problem olduğundan 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir.
Qeyd edək ki, ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”, “Meşələrin artırılması və bərpa olunmasına dair” və “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” milli proqramları təsdiq olunmuşdur. Azərbaycanda səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə də ayrıca diqqət yetirilir.
BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsinin həyata keçirilməsi ölkəmizdə səhralaşma problemlərinin həlli işlərinin canlanmasına təkan vermişdir. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq uzun illər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində neft tullantıları ilə çirklənmiş Bakı və Abşeron yarımadasında yaşıllaşdırma ilə bağlı müasir metodlara əsaslanan layihələr həyata keçirilmişdir. Belə ki, 3322 hektar ərazidə 3 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda “Hərəyə bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla ağac və kol əkilmişdir. Bu ilin aprel ayında İDEA İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində isə Balaxanı poliqonunda 5 min kvadratmetr ərazi yaşıllaşdırılmışdır.