17 saylı Yasamal III seçki dairəsində 83 nəfər ilk dəfə səs verəcək
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da 17 saylı Yasamal III seçki dairəsinin seçki məntəqələrində səsvermə başlayıb.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov AZƏRTAC-a bildirib ki, 30 min 534 seçicisi olan dairə seçki komissiyasının ərazisində 28 daimi seçki məntəqəsi fəaliyyət göstərir. O, fiziki məhdudiyyətli seçicilərin qeydə alındığı məntəqələrdə panduslar quraşdırıldığını və şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 10-un veb-kameralarla təmin olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dairə üzrə 13 namizəd qeydə alınıb. İlk dəfə səs verənlərin sayı 83, 80-100 yaşarası seçicilərin sayı isə 991 nəfərdir.
17 saylı Yasamal III seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Mədinə Nəbiyeva məntəqədə 772 nəfər seçici olduğunu, yaşı 80-dən yuxarı olan seçicilərin sayının 6 nəfər olduğunu bildirib.
Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur.