İQTİSADİYYAT
Paytaxtın Nizami rayonunda Əlif Hacıyev küçəsi əsaslı təmir olunur VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
Paytaxtın Nizami rayonunda Əlif Hacıyev küçəsinin Məmmədəli Şərifli küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.
Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib. Layihənin sonuncu mərhələsində zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə istifadəyə veriləcək. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda Nizami rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu təqribən 600 metrdir. Burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Eyni zamanda, rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də təmir işləri aparılır.
Cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Nizami rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.