REGİONLAR
Yardımlıda taxıl biçini sürətlə və keyfiyyətlə aparılır - dağ kombaynları zəmilərdə VİDEO
Yardımlı, 21 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Respublikamızda taxıl biçini mövsümü davam edir. Hazırda məhsul yığımı ölkənin 61 rayonunda və Naxçıvan Muxtar Respublikasında həyata keçirilir. Bu günədək ölkə üzrə taxıl zəmilərinin 45,2 faizi biçilib, 1,4 milyon ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq hazırda 31,3 sentnerdir. Biçinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulub. Ötən həftədən etibarən isə ucqar dağ rayonu olan Yardımlıda yeni nəsil kombaynlar vasitəsilə taxıl biçininə start verilib.
AZƏRTAC xəbər verir ki, artıq ikinci ildir yardımlılı fermerlər taxıl biçini zamanı yeni dağ kombaynlarından istifadə edirlər. Ən son model müasir kombaynlar fermerlərin işini çox asanlaşdırıb. Prezident İlham Əliyev tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi üçün alınan yeni kombaynlar ölkəmizin ən ucqar ərazilərində çalışır. Bu il ümumilikdə 20 ədəd innovativ dağ kombaynı biçinə cəlb edilib. Biçin aparacaq yeni 4 ədəd kombaynın bu gün Yardımlının Jiy kəndində çətin relyefli sahələrdə test edilərək təqdimatı keçirilib.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov deyib: “Jiy kəndində yeni innovativ kombaynlardan 4-nü taxıl biçininə cəlb etmişik. Eyni zamanda, digər 3 ədəd köhnə model kombayn da sahələrdə çalışır. Hazırda dağlıq ərazilərdə “Aqroservis”ə məxsus 7 kombayn işləyir. Ümumilikdə bu il Yardımlıda 3200 hektara yaxın taxıl sahəsi var. Onun 220 hektarı arpa sahəsidir. Hazırda həmin arpa sahəsində biçin işləri aparılır. İki gündən sonra buğda sahələrinin də biçininə başlayacağıq. Bu kombaynların ölkəmizə gətirilməsi taxıl biçinində çox böyük yenilikdir. Əvvəlki, illərdə fermerlərimiz məhz belə relyefdə biçin zamanı çətinlik çəkirdilər. Bu, həm də onlar üçün çox böyük risk idi. Qəza halları baş verirdi. Artıq bu çətinliklər arxada qalıb. İndi yeni nəsil kombaynlar fermerlərin işini çox asanlaşdırıb”.
Elmin Rəhmanovun sözlərinə görə, yeni nəsil kombaynlar sayəsində dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarının inkişaf etdirməyə imkan yaranacaq. Əkin təyinatlı olub, lakin əkilməyən torpaqlar əkinə cəlb ediləcək.
“Bu il 5 hektar sahədə əkin əkmişəm, məhsuldarlıq da yaxşıdır. Belə davam etsə, gələn ildən sahəni genişləndirəcəyəm ki, məhsulu çox götürüm. Əvvəlki, texnikalarla işləməkdənsə, indiki müasir kombaynlarla işləmək daha yaxşıdır. Çünki biçini keyfiyyətlə aparır, itki yoxdur. Ötən illərdə texnikalar köhnə olduğundan məhsul itkisi də olurdu. Yeni nəsil kombaynlar bu baxımdan da səmərəlidir. Dövlətimiz sağ olsun ki, bizə belə şərait yaradır”, - fermer Famil Zeynalov bildirib.
Bu il ölkə üzrə biçinə, ümumilikdə, 1900-dən çox taxılbiçən kombayn cəlb olunub. Bunun 700-ü “Aqroservis” ASC-yə məxsus, 1280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqroservis” ASC tərəfindən əvvəlcə 50 hektara qədər olan taxıl sahələri biçilir.