REGİONLAR
Biləsuvarda ilk dəfə geniş sahədə sarımsaq əkilib, bol məhsul yetişib FOTO VİDEO
Biləsuvar, 30 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda rayonun kənd təsərrüfatı üçün ənənəvi olmayan sarımsaq bitkisinin becərilməsinə başlanılıb. 21 hektarda əkilən sarımsaq sahəsindən bir neçə gündür ki, məhsul yığılır.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi Biləsuvar rayonunda da qeyri-ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Ötən il 14 hektarda nümunə üçün əkilən sarımsaq bitkisinin sahəsi bu il iki dəfəyədək artırılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsaq nəinki tərəvəz məhsulu kimi, həm də təbii dərman şəklində çox qiymətli bitkidir.
Təsərrüfat sahibi Faiq Muradovun sözlərinə görə, sarımsağa vaxtında düzgün aqrotexniki qulluq edilərsə və zərərvericilərdən qorunarsa, hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. “Biləsuvar rayonunda belə geniş sahədə ilk dəfədir ki, yerli sarımsaq sortları əkilib. Bu sahə gələcəkdə daha da genişləndiriləcək. Bu il sarımsaq əkinini müasir suvarma ilə yetişdirmişik. Nəticədə yaxşı məhsuldarlıq alınıb”, - deyə Faiq Muradov bildirib.
Sahədə işləyənlərdən biri ilə söhbət edirik. Rüxsarə Mikayılova deyir ki, sarımsaq satışına bir neçə gündür başlanılıb. Məhsul çıxarıldıqdan sonra Günəş şüası altında qurudulur. Sonra isə qayçılanaraq qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.
Gələcəkdə əkin sahəsinin 100 hektaradək artırılacağını deyən fermer Yusif Hüseynov isə bildirib ki, məhsulun satışı elə sahədə həyata keçirilir. “Daxili bazarda 1 manat - 1 manat 20 qəpiyə satırıq. Qalanını da anbara yığırıq. Xarici bazara - Rusiyaya, Gürcüstana da göndəririk. Şükürlər olsun, məhsulumuz boldur”, - deyə o əlavə edib.