Xaçmazda fermerlər yeni taxıl sortları haqqında məlumatlandırılıb VİDEO
Xaçmaz, 5 iyul, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılan yeni taxıl sortlarının nümayiş əkinlərində əldə edilən nəticələr yerli fermerlərlə birgə qiymətləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Hacılar kəndində taxılın 14 yeni növünün sınaq əkini həyata keçirilib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev fermerlərə innovativ becərmə texnologiyaları və institutda yaradılan yeni taxıl sortları barədə ətraflı məlumat verib.
Bildirilib ki, müasir dövrdə taxılçılığın inkişafı əkin sahələrinin artırılması hesabına deyil, məhsuldar, keyfiyyətli yeni sortlar yaradıb, onu istehsalata tətbiq olunması hesabına əldə edilir.
“Biz Xaçmaz rayonunun Hacılar kəndində yerli fermerin təsərrüfatında yeni yaradılan taxıl sortlarının nümayiş əkinini həyata keçirmişik. Əsas məqsədimiz yeni sortları fermerlərə tanıtmaq və onların birbaşa iştirakı ilə qiymətləndirməsini aparmaqdır. Sağlam məhsul əldə etmək üçün keyfiyyətli toxumdan istifadə etmək lazımdır. Yeni yaradılan sortlar uzun illər adaptasiya xüsusiyyətinə malik olan sortların hibridləşməsi nəticəsində əldə olunub. Yeni sortları buradakı nümayiş sahələrində əkməklə bölgə üçün daha xarakterik olan, xəstəliyə davamlı, məhsuldar taxıl sortlarını müəyyənləşdirmək və əkinə tətbiq etmək istəyirik”, - deyə Faiq Xudayev söyləyib.
Fermerlərlə görüşdə “Xaçmaz rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və aktual məsələləri”, “Taxılda yüksək məhsul alınmasında elm və istehsalın inteqrasiyasının əhəmiyyəti” mövzularında müzakirələr aparılıb.