Sumqayıtda polis əməkdaşları ictimai nəqliyyatda və şadlıq saraylarında reydlər keçiriblər VİDEO
Bakı, 19 iyul, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbir həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, qoruyucu tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində bəzi hallarda müvafiq qərardan irəli gələn tələblərin pozularaq toylarda icazə verilən saydan artıq qonağın iştirak etdiyi, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportunun olmadığı müəyyən edilib. Sumqayıtda polis əməkdaşlarının müvafiq dövlər orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 8 şadlıq sarayında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni, qonaqların say həddini aşdıqları, “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçmədikləri aşkarlanıb. Həmin şadlıq evləri inzibati qaydada 4 min manat məbləğində cərimələniblər. “Love Palace” şadlıq sarayının sahibi Elçin Şahverdiyev isə polislər tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıtda karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə ictimai nəqliyyatda, şadlıq evlərində və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi həyata keçiriləcək.