Şəhid mayor Emin Süleymanovun xatirəsi yad edilib VİDEO
İmişli, 22 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində Murovdağdan Laçın dəhlizinədək döyüşərək şəhadətə qovuşan Emin Süleymanovun doğum günündə xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxınları, doğmaları, Vətən müharibəsinin qaziləri, həmçinin döyüş yoldaşları şəhidin məzarını ziyarət edərək onun döyüş yolundan, qəhrəmanlığından danışıblar. Həmçinin Eminin adını daşıyan sinif otağına da baxış keçirilib. Bildirilib ki, Azərbaycan tarixinin ən şanlı səhifəsində yer alan şəhidlərimiz gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. İndi şəhidlərimizin adını daşıyacaq siniflərdə təhsil alan şagirdlərimiz məhz Emin və onun kimi igidlərimizin qəhrəmanlığını mənimsəyəcək, gələcəkdə Vətənə, dövlətə, xalqa layiq yetişəcəklər.
Qeyd edək ki, Emin Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonu Xubyarlı kəndində dünyaya göz açıb. Ömrünün yeniyetmə çağlarında erməni faşizminin şahidi olan Emin gələcəyin hərbçisi olmağa qərar verib. Hərbi məktəbə daxil olan Emin daha sonra akademiyada təhsili davam etdirib. O, aldığı hərb təhsilini və döyüş taktikalarını peşəkarcasına mənimsəyərək artileriyaçı olur. Ordu sıralarında xidmət etməyə başlayan gündən Emin yalnız ön cəbhədə xidmətini yerinə yetirib. Mayor rütbəsinə qədər ucalan Emin divizyon komandiri olub. Hələ Aprel döyüşlərində Emin və tabeçiliyində olan topçular erməni təxribatının qarşısının alınmasında şücaəti ilə seçilib. Emin Süleymanov xidməti dövründə fərqləndiyinə görə bir neçə medal və fəxri fərmanlarla təltif edilib. Vətən müharibəsi başlayan gündən Emin komandanlıq etdiyi divizyonla düşmən mövqelərini dəqiq atəşlərlə məhv etməyə başlayıb. İlk döyüş yolu Murovdağ istiqamətindən başlayan Emin Süleymanov və topçuları daha sonra Füzuli, Cəbrayıl, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Tuğ kəndinin alınmasında Emin və artilleriyaçıları xüsusi fəallıq göstərib. 42 gün döyüşən Emin və topçuları dəqiq koordinatlarla hədəfə aldıqları düşmənin strateji mövqelərini, bir çox texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabrın 7-də Laçın dəhlizi istiqamətində gedən gərgin döyüşlər zamanı Emin Süleymanov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhid Mayor Emin Süleymanov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.