Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman VİDEO
Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsi şəhidi Cabar Əkpərov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki ay sonra nəşi tapılan qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailədə üç qardaşdan ən böyüyü olan Cabar Əşrəf oğlu Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində doğulub. O, kikboksinq idman növü ilə məşğul olub. Beynəlxalq və respublika çempionatlarında qazandığı uğurlara görə 9 medal, 11 diplom və 2 fəxri fərmanla təltif edilib.
Vətən müharibəsi başlayanda əsgərlikdə olan Cabar ilk gündən döyüşlərə qatılıb. Qəhrəman əsgər Murovdağ silsiləsi, Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə şücaət göstərib.
“Cabar zəhmətkeş oğul idi, onun əlindən hər iş gəlirdi. Cabar əsgərliyə gedəndə demişdi ki, şəhid olub gələcəyəm. Nənəsi Qubadlıdandır. Ona da söz vermişdi ki, torpaqlarımızı azad edəcək. Sonuncu dəfə mənim doğum günümdə zəng elədi. Təbrik etdi, sonra da dedi ki, bizim üçün dua edin. Suqovuşanda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Ayağından, qabırğasından və baş nahiyəsindən güllə yarası alıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Tükəzban Əkpərova söyləyib.
Cabar ailəsi ilə sonuncu dəfə sentyabrın 30-da danışıb. Oktyabrın ilk günü Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşi 67 gün sonra tapılıb və ailəsinə şəhid olması xəbəri çatdırılıb.
“Cabar vətənpərvər, qoçaq və igid övlad olub. Gözündə qorxu yox idi. Hərbi xidmətə yola salınanda mən Rusiyada idim. Pandemiyaya görə Azərbaycana qayıda bilmirdim. Sentyabrın 24-də mənə görüntülü zəng etdi. Hərbi xidmətindən çox razı idi. Müharibə başlayandan bir müddət sonra onunla əlaqə kəsildi. Uzun müddət axtarışda olduq. Şəhid olduğunu da bilmirdik. Yalnız dekabrın 6-da Əkpərin şəhid olduğu təsdiqləndi. Bir gün sonra dəfn etdik. Vətən sağ olsun”, - deyə şəhidin atası Əşrəf Əkpərov söyləyib.
Şəhid Cabar Əkpərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.