Tiktokda narkotik vasitələri təbliğ edən musiqili videolar yayan daha altı nəfər saxlanılıb VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Tiktok platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında növbəti tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin videoları yayan şəxslərin anket məlumatları Baş İdarə və ərazi polis orqanları tərəfindən qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən tiktok sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan altı nəfər - Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev, Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar. Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkarlanaraq götürülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin tiktokda paylaşdıqları videolar silinib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.