MƏDƏNİYYƏT
Malazgirt zəfərinin 950-ci ildönümü möhtəşəm təşkil olunub VİDEO
Ahlat, 24 avqust, AZƏRTAC
Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirləri möhtəşəm şəkildə təşkil olunub. Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır Ahlat rayonu ərazisində mərasimlərin keçirildiyi ən cəlbedici məkandadır. Bu gün Azərbaycan çadırının da daxil olduğu bölmənin təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində təşkil olunan yubiley mərasimi müxtəlif bölmələrdən ibarətdir. Ayrı-ayrı ölkələrlə yanaşı, Türkiyənin əksər bölgələri burada müxtəlif formalarda təmsil olunurlar. Türkiyən tarixi, müasir həyatı, inkişaf istiqamətləri bu məkanda əzmlə təbliğ olunur.
Böyük Səlcuq hökmdarı Alp Arslan böyük portreti mərasim məkanına xüsusi əzəmət verir.
Qeyd edək ki, Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadratmetr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub. Artıq bu məkan fəaliyyət göstərir.
Avqustun 24-də rəşadətli zəfər münasibətilə Malazgirt bölgəsində açılış mərasimi keçiriləcək.
Tarixdən məlum olduğu kimi, Malazgirt döyüşləri 1071-ci ilin avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuq hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu “İslamın nuru” adlandırıb.
Xatırladaq ki, avqustun 26-dək davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq. Tədbir çərçivəsində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ahlat