MƏDƏNİYYƏT
UNESCO: Azərbaycanın sədrliyi çərçivəsində Şərqi Avropa ölkələri üzrə II seçki qrupunun iclası keçirilib VİDEO
Paris, 15 sentyabr, AZƏRTAC
UNESCO-nun mənzil-qərargahında qurumun Azərbaycanın sədrlik etdiyi Şərqi Avropa ölkələrindən ibarət II seçki qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev iclası açaraq gündəliyini təqdim edib.
Gündəlik qəbul edildikdən sonra UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tavfik Celasi, müvafiq qərara layihələrinin məhsuldar müzakirələrlə əlaqədar “Coğrafi bölgü” üzrə İcra Şurasının açıq işçi qrupunun sədri, Çinin UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin və UNESCO sosial və humanitar elmlər sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skiçiarini çıxış ediblər.
Davamlı inkişaf üçün kommunikasiya və informasiyadan istifadənin əhəmiyyətinə toxunan UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tavfik Celasi sürətli rəqəmsal transformasiya, COVID-19 böhranı, eləcə də üzləşilən çağırışlar qarşısında ideyaların sərbəst axınının təşviqindən, koronavirus böhranından sonra “daha yaxşı gələcək qurmaq” üçün qlobal səylərin tərkib hissəsi kimi gələcəyə istiqamətlənən vahid yanaşmanın qəbul edilməsindən, Davamlı İnkişaf-2030 gündəliyinin reallaşması üçün kommunikasiya və informasiyadan istifadə edərək, ictimai mənfəət kimi informasiya vizyonunun həyata keçirilməsindən söz açıb.
Çoxdilliliyin və dil müxtəlifliyinin təşviqi, dünya dilləri xəritəsinin istifadəyə verilməsi, beynəlxalq yerli dillər onilliyinə (2022-2032) hazırlıq, davamlı inkişaf üçün innovasiya və texnologiyanın təşviqi kimi məsələlərə toxunub.
Pandemiya dövründə dezinformasiya və nifrət nitqlərinin artması problemlərindən söz açıb. Bu problemlərin aradan qaldırılması üçün media və məlumat savadlılığının təmin edilməsinin əhəmiyyətinə toxunub.
Müvafiq qərar layihələrinin məhsuldar müzakirələri ilə əlaqədar “Coğrafi bölgü” üzrə İcra Şurasının Açıq işçi qrupunun sədri, Çinin UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin qurumun katibliyinin işçilərinin vətəndaşlığına dair coğrafi bölgü məsələsinə toxunaraq, onun 60 il əvvəl qurumun idarə heyəti tərəfindən vacib məsələ kimi tez-tez müzakirə olunduğunu qeyd edib. Sonradan bu məsələ ilə bağlı İşçi Qrupunun yaradıldığını, UNESCO-nun insan resurslarını idarəetmə strategiyası çərçivəsində “Coğrafi bölgü”yə dair Fəaliyyət Planı hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, görülən tədbirlərə baxmayaraq, lazımi irəliləyişə hələ də nail olunmayıb və “Coğrafi bölgü”nü təkmiləşdirmək istiqamətində daha çox səy göstərilməlidir. O, üzv ölkələrin qurumun Katibliyində təmsil olunması göstəricilərini təqdim edib və bəzi ölkələrin çox zəif təmsil olunduğunu deyib. Qeyd edib ki, insan resurslarının idarə etdilməsi bürosu İşçi qrupunun katibliyi rolunu oynayır. Katibliyin “Coğrafi bölgü”nün təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş müxtəlif tədbirlərdən, təbliğat, eləcə də işə qəbul proqramları, işə qəbul siyasətinin təkmilləşdirilməsindən söz açıb. İşçi qrupunu n əldə etdiyi əsas mülahizə və fikirləri təqdim edib.
UNESCO sosial və humanitar elmlər sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skiçiarini süni intellekt texnologiyası sahəsində irəliləyişlərin sürəti və miqyası, yaratdığı müsbət və mənfi imkanlardan danışıb. UNESCO-nun süni intellekt etikası ilə bağlı tövsiyələrini xatırladıb.
İclasda Şərqi Avropa ölkələrinin müxtəlif namizədlikləri, eləcə də bütün Qrupların namizədliyi ilə əlaqədar universal cədvəlin yaradılması məsələsi müzakirə olunub.
İclas müxtəlif məsələlər ətrafında iştirakçıların fikir mübadiləsi ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris