Şəkidə suvarma kanalları yenilənir, köhnə su boruları dəyişdirilir VİDEO
Şəki, 25 oktyabr, AZƏRTAC
Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 38980 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. Əkin sahələrinin su ilə təminatı üçün 859 kilometr uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili kanallar istismar olunur.
AZƏRTAC xəbər verir ki, İdarə tərəfindən su itkisini minimuma endirmək üçün hər il torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır. Bununla yanaşı, həmin kanallar beton üzlüyə alınır. Elə kanallardan biri də uzunluğu 28 kilometr olan Dəhnə kanalıdır.
Şəki, Qax və Zaqatala rayonlarının 67,2 min hektar qış otlaqlarının su təminatı da idarənin Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı sahəsi tərəfindən həyata keçirilir. Qışlaqlara xidmət edən qapalı su kəmərinin ümumi uzunluğu 367,2 kilometr, üzərindəki hidrotexniki qurğuların sayı isə 539 ədəddir. Qışlaqlarda bəslənən mal-qara da su ilə təmin olunur. Sistemin su ilə təminatı üçün 7 ədəd subartezian və 4 ədəd artezian quyusunun suyundan istifadə edilir. Ümumi uzunluğu 119 kilometr olan Acınohur təzə xəttinin 2021-ci ildə 3700 poqonometr hissəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Bu günə kimi 2300 poqonometr hissədə metal borular 250 millimetrlik polietilen borularla əvəz olunaraq əsaslı təmir işləri aparılıb.
Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən sol sahil magistral kanalının sol qolunun 2000 poqonometrə qədər hissəsində LR-100 tipli dəmir-beton novların 2021-ci ildə əsaslı təmir olunması nəzərdə tutulub. Bu günə kimi 900 poqonometr hissədə əsaslı təmir işləri aparılıb və işlər hazırda davam edir.
Şəki rayonunun 7775 hektar və Qax rayonunun 3 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatında Əyriçay Su Anbarından nasoslar vasitəsilə vurulan sudan istifadə olunur. Bunun üçün ümumi uzunluğu 37,8 kilometr olan kanallara və üzərində olan 138 ədəd hidrotexniki qurğuya daim nəzarət edilir.