Mağazalardan oğurluq edən və narkotik vasitələrin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Naməlum şəxs mağazadan içəri daxil olub kassadakı 1400 manat məbləğində pulu oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları ilə görüntülənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər də oğurluq etdiyi üçün məhkum olunan Nicat Şavahədli Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Həmin şəxs ifadəsində oğurluq hadisəsini törətdiyini etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. Əməliyyat zamanı Füzuli rayon sakini İlham Arzuman oğlu Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkarlanıb.
Həmin şəxs ifadəsində heroini sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından satmaq məqsədilə aldığını bildirib.
Saxlanılan hər iki şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə və ya nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.