Bakıda taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslərdən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarəyə Xəzər rayon sakinləri Əliheydər Əşrəfovun və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxış zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.