Zəfər Günü münasibətilə “Keşikçidağ” qoruğuna yürüş təşkil olunub VİDEO
Ağstafa, 6 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycan Ordusu ötən il noyabrın 8-də müqəddəs Vətən müharibəsində şanlı Zəfərini Şuşanı düşməndən azad etməklə taclandırdı. Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə və qazilərimizə “Qarabağda şanlı tarix yazanların yanındayıq” adlı layihə əsasında daim öz mənəvi dəstəyini göstərir, Zəfər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirir.
Belə tədbirlərdən biri də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda təşkil olunub.
Şəhid ailələrinin, qazilərin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin iştirakı ilə “Niva” markalı avtomobillərlə “Zəfər yürüşü” keçirilib.
Əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, sonra avtomobil karvanı ilə Keşikçidağ mağaralar kompleksinin ərazisinə yürüş edilib. Qoruq ərazisində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, onlar haqqında xatirələr dilə gətirilib.
Əslən Şuşadan olan alim, tarix üzrə elmlər doktoru İmaş Hacıyevin və qazilərin çıxışları alqışlarla qarşılanıb.
Daha sonra fləşmob keçirilib.