“Azərişıq” Kəlbəcərdə gördüyü işləri yekunlaşdırmaq üzrədir VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.
AZƏRTAC xəbər verir ki, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovoltuq izolyasiyalı və mühafizə olunan kabellərin çəkildiyi göstərilir. Bunun üçün isə səhmdar cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar. Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, rayonun Çopurlu kəndi ərazisində 35 kilovoltuq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetikləri məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.