Qusarda Zəfər Günü ilə əlaqədar bayram yürüşü keçirilib VİDEO
Qusar, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda 8 Noyabr - Zəfər Günü böyük coşqu ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər şəhər boyu yürüş edərək bayram əhvali-ruhiyyəsi yaradıb.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.
Qusar şəhərinin mərkəzindəki Mahmud Əbilov adına meydanda rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra Zəfər Günü münasibətilə təşkil olunan ümumrayon tədbiri başlayıb.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlarından danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilən torpaqlarımız məhz onların şücaəti nəticəsində azad olunub.
Çıxışlardan sonra tədbir iştirakçıları konsert proqramını izləyib.
Qusar Dövlət Ləzgi Dram Teatrının aktyor heyəti qəhrəman döyüşçülərimiz tərəfindən Qarabağın işğaldan azad olunması səhnəsini təqdim ediblər.
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qusarda təşkil olunan ağacəkmə aksiyasında 500 ting əkilib.