Ucarda növbəti suvarma mövsümünə hazırlıq işləri görülür VİDEO
Ucar, 9 noyabr, AZƏRTAC
Ucar Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır. İdarə tərəfindən 2021-ci ilin 9 ayında 159 ədəd hidrotexniki qurğu cari təmir olunub. Suvarma arxları və kollektor drenaj şəbəkələrində isə 642 min metr məsafədə lildən təmizləmə işləri görülüb.
AZƏRTAC xəbər verir ki, İdarə rayonun 28935 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Su mənbələri isə Yuxarı Şirvan kanalı, Türyançay və Göyçay çaylarıdır. Sahələri suvarma suyu ilə təmin etmək üçün idarənin balansında ümumi uzunluğu 1600 kilometr olan suvarma kanalları var. Onun 40.3 kilometri magistral, 122.8 kilometri təsərrüfatlararası və 1436.9 kilometri təsərrüfatdaxili suvarma kanallarıdır. Kanallar üzərində olan 1254 ədəd hidrotexniki qurğunun da hər biri saz vəziyyətdə saxlanılır. Rayon ərazisində 1498 kilometr kollektor dren şəbəkəsi var ki, ondan 662 kilometri qapalı, 836 kilometri açıq dren şəbəkəsidir.
Ucarda suvarmanın bir hissəsi də rayon ərazisində quraşdırılan nasos stansiyalar vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, bu il Ucar rayonunda 89 hektar sahədə pambıq, 14414 hektar sahədə taxıl, 1400 hektar sahədə bostan tərəvəz, 8000 hektar sahədə yonca, 303 hektar sahədə qarğıdalı, 502 hektar sahədə təkrar qarğıdalı, 630 hektar sahədə çəltik və digər çoxillik bitkilər əkilib, suvarılma tam olaraq aparılıb.