Füzuli rayonunda Zəfər Günü möhtəşəm atəşfəşanlıqla qeyd olunub VİDEO
Füzuli, 9 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd olunub. Noyabrın 8-də rayon sakinləri Horadiz şəhərində təşkil edilən yürüşə üçrəngli bayrağımız və şəhidlərimizin plakatları ilə qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü ilə əlaqədar Horadiz şəhərində yerləşən Heydər Əliyev parkında bayram tədbiri təşkil olunub. Toplantıda rayon rəhbərliyi, şəhid ailələri, qazilər, döyüş iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.
Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söhbət açıblar. Bildirilib ki, Qələbəyə gedən yolun başlanğıcı məhz Füzuli torpaqlarından başlayıb. Füzuli torpaqlarının Horadiz əməliyyatına, Aprel döyüşlərinə və Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsinə şahidlik etdiyi diqqətə çatdırılıb.
Sonra Füzuli Dram Teatrının hazırladığı səhnələr nümayiş olunub. Həmçinin məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Səmaya sülhün rəmzi olan göyərçinlər buraxılıb. Daha sonra tədbir musiqili konsert proqramı ilə davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.